34 ildən sonra bu adada ilk dəfə körpə doğuldu

1 Oktyabr 2026 14:09

Şotlandiyanın Orkney arxipelaqına daxil olan North Ronaldsay adasında 34 ildən sonra ilk dəfə körpə səsi eşidilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, adada təxminən 51 nəfər yaşayır. Sentyabrın 15-də burada Duncan adlı oğlan uşağı dünyaya gəlib. Onun doğulması uzun illərdir yeni doğuşun qeydə alınmadığı ada sakinləri üçün xüsusi hadisəyə çevrilib.

North Ronaldsayda bundan əvvəl sonuncu körpə 1992-ci ilin avqustunda doğulmuşdu. Beləliklə, Duncanın dünyaya gəlməsi adanın 34 ildən sonra ilk körpəsi kimi tarixə düşüb.

Körpənin valideynləri Alice Traill Ford və Jorge Suarezdir. Ailənin əsas yaşayış yeri Kosta-Rikadır. Alice övladının ailəsi üçün tarixi əhəmiyyət daşıyan bu adada dünyaya gəlməsini istəyib.

Duncanın doğumu da qeyri-adi şəraitdə baş tutub. O, xəstəxanada deyil, ailənin nəsillərdir sahib olduğu tarixi Holland Houseda anadan olub.

Adada xəstəxana və daimi həkim fəaliyyət göstərmir. Buna görə də doğuş zamanı iki mamaça sahil mühafizəsinin helikopteri ilə North Ronaldsay adasına gətirilib və anaya doğuş prosesində yardım göstərib.

Duncanın dünyaya gəlməsi ada sakinləri üçün böyük sevincə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)