"Verywell Health" nəşrinin dərc etdiyi xəbərə görə, müntəzəm nar istehlakı iltihabı azaltmaqla, hüceyrələri qorumaqla, yüksək xolesterol və qan şəkərinin orqan üzərindəki mənfi təsirlərini yüngülləşdirməklə qaraciyər sağlamlığına töhfə verə bilər. Mütəxəssislər narın hər hansı bir xəstəlik müalicəsi olmadığını, lakin balanslı qidalanma proqramında dəstəkedici rol oynaya biləcəyini vurğulayıblar.
Milli.Az xəbər verir ki, müntəzəm nar istehlakının qaraciyər üzərindəki əsas təsirləri belə sıralanıb:
Qaraciyər iltihabını azalda bilər: MDPI məlumatlarına görə; qeyri-sağlam qidalanma, spirtli içki istifadəsi və yüksək qan şəkəri qaraciyərdə iltihaba səbəb ola bilər. "Science Direct" araşdırması isə narın tərkibindəki "punikalajin" kimi güclü polifenolların iltihab əleyhinə təsir göstərdiyini ortaya qoyur.
Hüceyrə zədələnməsinin qarşısını ala bilər: "Nature" portalında yer alan məlumatlara görə, parlaq rəngli bitki mənşəli qidalarda olan antioksidantlar hüceyrə DNT-sinə zərər verə bilən sərbəst radikalları neytrallaşdıraraq qaraciyər hüceyrələrini qoruyur.
Pəhrizlə əlaqəli qaraciyər piylənməsi xəstəliyinə qarşı dəstək ola bilər: Qidalanma çatışmazlığı, artıq çəki (obezlik) və hərəkətsizlikdən qaynaqlanan qaraciyər piylənməsi zamanla siroza çevrilə bilər. Aparılan araşdırmalarda 8 həftə ərzində gündəlik nar suyu içən obez və metabolik problemləri olan şəxslərin bütün qaraciyər ferment dəyərlərində yaxşılaşma müşahidə olunub.
Qan şəkərinə nəzarətə töhfə verir: Yüksək qan şəkəri qaraciyərdə yağ yığılmasını artırır. Nar qan şəkərini tənzimləməyə kömək edərək bu riskin azalmasında rol oynayır.
Xolesterol tarazlığı yarada bilər: Araşdırmalar narın "pis" xolesterolu (LDL) yüngülcə aşağı salarkən, bədəndəki artıq xolesterolun xaric olunmasını təmin edən "yaxşı" xolesterolu (HDL) yüksəldə bildiyini üzə çıxarır.
Nar suyunun təbii şəkər tərkibinin yüksək olması səbəbindən xüsusilə diabet xəstələrinin porsiya nəzarətinə diqqət etməli olduğu qeyd edilib. Şəkərin sorulmasını ləngidən lif quruluşuna görə narın meyvə suyu əvəzinə çəyirdəkləri ilə birlikdə bütöv şəkildə istehlak edilməsi tövsiyə olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)