“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə

1 Oktyabr 2026 02:02

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Xalq artisti, cazmen, müğənni Cavan Zeynallı Musavat.com-un həmsöhbətidir. Ötən gün 81 yaşını qeyd edən müğənni suallarımızı cavablandırıb:

-Cavan bəy, əhvalınız necədir?

-Bir az nasazam, hamamda yıxılıb qolumu əzmişəm. Yaxşı ki, qohumum evdə idi. O, kömək etdi, həkim gəldi, dərman yazdı. İndi bir az yaxşılaşmışam. İsti havalar da mənə əziyyət verirdi. Nəhayət ki, havalar soyumağa başladı. Üç ay bu istilər məni öldürdü. Nə oxumağa, nə çalmağa, nə də televiziyaya çıxmağa halım olurdu. İndi isə yaxşılaşıram.

-Ötən gün 81 yaşınızı qeyd etdiniz, sizi təbrik edirəm.

-Yox e, mən onu heç kimə demirəm. Məndən soruşurlar ki, neçə yaşın var? Deyirəm 52, vəssalam. Nəyimə lazımdır alə, deyim 80, 90 yaşım var. Paxıllıqdan yaşımı üzümə vururlar (gülür). 40-50 il bundan öncə necə idimsə, indi də eləyəm. Mən bütün günü pianoda ifa edirəm, çalıram, oxuyuram, heç qocalaram?! Siz bilirsiniz ki, mən dünyanın 90-na yaxın ölkəsini gəzmişəm. Mən Bakıda tapılmırdım. "Qaya" ansambılı ilə dünyanı dolaşırdım. 5 il Moskvada yaşamışam, oradan hara lazım idisə, gedirdim.

-Onda sualı belə qoyum, dünən özəl gününüzü necə qeyd etdiniz?

-Mən belə günləri restoranda qeyd etməyi sevmirəm. Mənim o qədər dostlarım var ki. Beş qohumum gəldi, rahat oturduq və qeyd etdik. Mən kampaniya şəklində məşhur adamlarla harasa getməyi sevmirəm. Alə, mən özüm məşhur adamam. Özündən razı adamları neyləyirəm e. Mən belə şeyləri sevmirəm.

-Cavan bəy yaşınızı deməyi xoşlamırsınız, amma azərbaycanlıların belə bir məsəli də var: Yaş kişinin var-dövlətidir.

-Mən ümumiyyətlə, varlıları sevmirəm. Mənim nəyim varsa, onunla qane oluram. İndi yaxşı zəmanə deyil. İndi bilirsiniz insanlar necə dələduz olublar?! Elə adam axtarırlar ki, onu soysunlar. Mən heç kimi yaxınıma buraxmıram. Ancaq qohumlarımla oturub-dururam.

-İllərinizi tərəziyə qoysanız, ən çox hansı illəriniz üçün darıxarsınız?

-Heç nə üçün darıxmıram. 120 şəhəri gəzmişəm. Hətta ABŞ-də deyirdilər ki, qal, getmə. Yarım ildən sonra dedim, yox, Bakıda mənim evim, maşınım var (gülür).
İndi isə maşınlarımı satmışam, avtobusla, taksi ilə harasa gedirəm. Ancaq mən bu haqda danışmaq istəmirəm. Çünki insanlar hesab edir ki, mən milyonçuyam. Hansı milyon? Bu nə axmaqlıqdır. Mən milyonçu yox, musiqiçiyəm. Mən zəngin adam deyiləm.

-Varlıları niyə sevmirsiniz?

-Varlılar ilk növbədə özlərindən çox razıdırlar. Bu, xəstəlikdir. Öyünürlər ki, mənim bu qədər nəyimsə var. Mən isə başqa cür, sakit, rahat adamam. Mən normal insanları sevirəm. Belə zənginləri isə yox.

-Məgər, bütün varlılar elədir?

-Alə, hamısı elədir. Mən ümumiyyətlə, onları tanımıram və ünsiyyətdə olmuram. Əgər görürəmsə ki, varlı adamdır, uzaqlaşıram. Həyat yoldaşım rəhmətə gedəndən sadə həyat sürürəm.

-İndi kiminlə birgə yaşayırsınız?

- Qohumlarım var. Onlar gəlib baş çəkirlər, kömək edirlər. Onlardan məsləhətlər alıram, nəyisə bilmirəmsə, soruşuram.

-Gündəlik qrafikiniz maraqlıdır. Gün ərzində nə edirsiniz?

-Ay balam, sən bu sualları məndən nə üçün soruşursan?! Burada maraqlı heç nə yoxdur. Evimdə piano, sintezator var. Nə zaman ehtiyac hiss etsəm, bu alətlərdə ifa edirəm. Mənim o qədər mahnılarım var ki. Onları televiziyada səsləndirirlər.

Mən bəstəkar, pianoçu və müğənniyəm. Gənclər buna paxıllıq edirlər. Deyirlər, Cavan, biri ilə məşğul ol da, ya piano çal, ya oxu. Onlara deyirəm ki, sizdən icazə almalıyam ki, nə edim? Onlar heç bir alətdə ifa edə bilmirlər, pis oxuyurlar. Buna görə də mənə paxıllıq edirlər. Mənə elə belə Xalq artisti adı verilməyib ki.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)