Bakıda və Abşeronda pivə çəlləkləri ilə bağlı nöqsanlar aşkarlandı

30 Sentyabr 2026 15:30

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən növbəti operativ vergi nəzarəti tədbirləri çərçivəsində Bakı şəhərinin Suraxanı rayonunda və Abşeron rayonunda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar müəyyən olunub.

Bu barədə Milli.Az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında Fərəcov Pünhan Arif oğlunun fəaliyyət göstərdiyi təsərrüfat subyektində keçirilmiş vergi nəzarəti zamanı aksiz markası ilə markalanmamış ümumi həcmi 5.695 litr olan 165 ədəd pivə çəlləyi aşkar edilib.

Bundan əlavə, Abşeron rayonunda Hüseynov Mehrac Qurban oğlunun fəaliyyət göstərdiyi obyektdə aksiz markası düzgün tətbiq edilməyən və təkrar istifadə edildiyi müəyyənləşdirilən ümumi həcmi 890 litr olan 27 ədəd pivə çəlləyi aşkarlanıb. Pivə çəlləkləri müəyyən edilmiş qaydada siyahıya alınaraq müvafiq akt və protokollarla rəsmiləşdirilməklə götürülüb.

Hazırda hər iki fakt üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq rəsmiləşdirmə işləri həyata keçirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)