Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına endi - (Yenilənib/Foto)

30 Sentyabr 2026 12:02

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarəsi Səudiyyə Ərəbistanına uğurla enib.

Bu barədə "Times of Israel" məlumat yayıb.

İlkin məlumata görə, həyəcan siqnalının səbəbi təyyarənin göyərtəsində baş verən dava ola bilər. Bildirilir ki, uçuş zamanı "Boeing 737" təyyarəsinin pilotu ekipajın digər üzvü ilə fiziki münaqişəyə girib və insident də bununla əlaqədar baş verib.

Eniş zamanı ekipaj əvvəlcə ümumi fövqəladə vəziyyətin olduğunu bildirən 7700 kodunu, daha sonra isə qanunsuz müdaxilə və ya təyyarənin mümkün qaçırılması barədə siqnal olan 7500 kodunu göndərib.

______________

Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırılıb.

Milli.Az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

BƏƏ-dən Təl-Əvivə uçan "Flydubai" şirkətinə məxsus təyyarə qaçırılma şübhəsi səbəbindən təcili siqnal verib.

Məlumata görə, havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra İordaniya hava məkanının sərhədi yaxınlığında sərnişin təyyarəsi ümumi fövqəladə vəziyyəti bildirən beynəlxalq "7700" kodunu, ardınca isə uçuş əməliyyatlarına qanunsuz müdaxilə və ya təyyarəni ələ keçirmə cəhdini ifadə edən xüsusi "7500" kodunu ötürüb.

Bundan dərhal sonra təyyarə Səudiyyə Ərəbistanı ərazisinə doğru istiqamət alıb.

Təyyarədə 180 sərnişinin olduğu bildirilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)