Cənubi Koreyada uzun illər gündəlik həyatın bir parçası olan ənənəvi yaş sistemi doğum tarixini əsas alan beynəlxalq üsuldan fərqli bir hesablamanı ehtiva edirdi. Bu sistem səbəbindən bir nəfərin gündəlik həyatda istifadə etdiyi yaşı ilə rəsmi qeydlərdəki yaşı arasında fərq yarana bilirdi.
Milli.Az xəbər verir ki, ənənəvi hesablamada yeni doğulan körpə 0 deyil, 1 yaşında qəbul olunurdu. Beynəlxalq sistemdə isə yaş hesabı doğumla birlikdə 0-dan başlayır və şəxsin yaşı hər doğum günündə 1 artır. İki üsul arasındakı bu fərq Cənubi Koreyada insanların yaşının beynəlxalq hesabla müqayisədə daha yüksək çıxmasına səbəb olurdu.
Ənənəvi sistemdə yaşın dəyişməsi üçün ad günü gözlənilmirdi. Təqvim 1 yanvarı göstərdiyi zaman hər kəsin yaşına eyni anda 1 əlavə olunurdu. Buna görə də dekabrın 31-də dünyaya gələn və doğulduğu an 1 yaşında sayılan bir körpə ənənəvi hesablamaya görə ertəsi gün 2 yaşına çatardı.
Ölkədə ənənəvi sistemlə yanaşı beynəlxalq yaş hesabının və bəzi sahələrdə istifadə olunan fərqli üsulların mövcud olması qarışıqlığa yol açırdı. Beləliklə, eyni şəxsin hansı hesablama üsulunun əsas götürüldüyündən asılı olaraq fərqli yaşlarla qarşılaşması mümkün olurdu.
Cənubi Koreya yaş məsələsində ortaya çıxan fərqlilikləri aradan qaldırmaq məqsədilə rəsmi hesablamalarda beynəlxalq sistemi əsas götürdü. Yeni nizamlanma ilə doğum anında 0-dan başlayan və hər doğum günündə 1 artan yaş hesabı əsas üsul halına gətirildi.
Dəyişikliklə birlikdə ənənəvi üsul rəsmi yaş hesablamasının xaricində saxlandı. Beləliklə, yeni ilin başlaması ilə milyonlarla insanın yaşının eyni anda artdığı sistemin əvəzinə, hər şəxsin öz doğum tarixini əsas alan beynəlxalq hesablama mənimsənildi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)