Bakıda quyunun üzərindəki dəmir barmaqlığın olmaması nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsindən gedir.
503 və 508 saylı avtobusların sonuncu dayanacağının yaxınlığından yolun kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan quyunun dəmir barmaqlığı yaydan bəri yoxdur. Sürücülərin sözlərinə görə, gündüz vaxtı belə bu maneəni görmək çətin olur, gecə isə risk daha da artır.
Problem yalnız avtomobillərlə məhdudlaşmır. Eyni ərazidə piyada səkisində də üzəri açıq quyu var. Burada hərəkət edən sakinlər bildirirlər ki, xüsusən diqqətsiz və ya ərazini tanımayan şəxslərin quyuya düşməsi ehtimalı var.
Ərazidə yaranmış vəziyyətlə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirdilər ki, əraziyə baxış keçiriləcək və problem tez bir zamanda aradan qaldırılacaq.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)