Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakıda səfərdə olan FIFA prezidenti Canni İnfantinonu qəbul edib.
Milli.Az-ın məlumatına görə, görüşdən sonra FIFA prezidenti rəsmi sosial şəbəkə hesabında Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
İnfantino paylaşımında Bakıda möhtəşəm və məhsuldar bir gün keçirdiyini vurğulayıb:
"Tarixdə ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşarkən Bakıda həqiqətən möhtəşəm və məhsuldar bir gün keçirdim! Dünyanın 190 ölkəsini bir araya gətirən bu turnir planetin ən böyük futbol bayramına çevriləcək. Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev ilə görüşmək, gələn ay keçiriləcək U-15 turnirini və 2027-ci ildə Özbəkistanla birgə ev sahibliyi edəcəyimiz FIFA U-20 Dünya Çempionatını müzakirə etmək mənim üçün böyük şərəf idi".
FIFA rəhbəri həmçinin AFFA prezidenti Rövşən Nəcəf ilə birlikdə 10 futbol meydançası, 1000-ə yaxın oyun və 4000 uşağın iştirak edəcəyi nəhəng idman kompleksinin yerləşdiyi əraziyə baş çəkdiklərini də bildirib.
Xatırladaq ki, gələn ay ölkəmizdə 15 yaşadək futbolçular arasında ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçiriləcək. Həmçinin 2027-ci ildə Azərbaycan Özbəkistanla birgə 20 yaşadək futbolçular arasında Dünya Çempionatına (FIFA U-20 World Cup) ev sahibliyi edəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)