“Mançester Siti” Haalandla bağlı qərarını verdi

29 Sentyabr 2026 21:40

Maliyyə qaydalarını pozduğu üçün İngiltərə Premyer Liqasından kənarlaşdırılma təhlükəsi ilə üz-üzə qalan "Mançester Siti" rəhbərliyi komandanın ulduz hücumçusu Erlinq Haalandla bağlı yekun qərarını verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "şəhərlilər" hətta İkinci Diviziona (Çempionşip) düşsələr belə, norveçli hücumçunun transferi üçün astronomik məbləğ tələb edəcəklər.

Nəşr yazır ki, klub rəhbərliyi Haalandın Çempionşipdə oynamasının qeyri-mümkün olduğunu dərk etsə də, onu dəyər-dəyməzinə satmaq fikrində deyil. Məlumata görə, Avropanın bir neçə nəhəng klubu yaranmış gərgin vəziyyətdən istifadə edərək 26 yaşlı bombardiri heyətinə qatmağa hazırlaşır.

Lakin onun "Mançester Siti" ilə müqaviləsində komandanın aşağı liqaya düşəcəyi təqdirdə müqaviləyə xitam verilməsi və ya transfer qiymətinin enməsi barədə xüsusi maddə yoxdur. Bu səbəbdən İngiltərə nəhəngi nə Haalandı, nə də digər aparıcı futbolçularını cüzi məbləğə buraxmayacaq.

Xatırladaq ki, norveçli hücumçunun mançesterlilər ilə qüvvədə olan müqaviləsi 2034-cü ilə qədər nəzərdə tutulub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)