Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)

29 Sentyabr 2026 19:57

Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda "Səmavi dinlər" layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.

Açılış məramisində çıxış edən Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini mədəniyyətin və yaddaşın sülhün əsas sütunları olduğunu bildirərək deyib: "Sərgi müxtəlif dinlər, xalqlar, mədəniyyətlər, dillər və ənənələr arasında dialoq üçün imkan yaratmaq məqsədi daşıyır. Bu, həm də xalçaçılıq sənətinin köklərinin ölkənin ənənələrinə dərindən bağlı olduğu Azərbaycana bir ehtiramdır. Bu gün burada sərgilənən xalçalar çox bacarıqlı sənətkarlar tərəfindən yaradılmış dəyərli nümunələr olmaqla yanaşı, həm də kimliyin və bəşəriliyin təcəssümüdür".

Rafaella Petrini eksponatların həm də dinlərarası dialoq dəyərinin səfirləri olduğunu diqqətə çatdıraraq, sərginin bu cür danışıqlar üçün konkret imkan yaratmaqla yanaşı, Azərbaycan ilə Vatikan arasındakı əlaqələrin mükəmməl ikitərəfli xarakterinin növbəti təsdiqi olduğunu bildirib.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov ölkəmizin zəngin mədəni irsində xalçanın həmişə Şərqlə Qərbi birləşdirən amil olduğunu deyərək, ölkəmizin əsrlər boyu tarixi İpək Yolunun mühüm tərkib hissəsi olduğunu, regionun ipək istehsalı və xalçaçılıq üzrə əsas mərkəzlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Bu gün təqdim olunan üç xalçanın bəşəri dəyərlərə həsr olunmuş unikal bədii triptix olduğunu deyən səfir qeyd edib: "Səkkizillik iş prosesində hər üç dinin ənənələrinə tam hörmətlə yanaşılmaqla inanc, dialoq və dözümlülük arasında bədii sintezə nail olunub. Ölkəmizdə Azərbaycan xalqının azad ruhu yalnız dözümlülükdə deyil, həm də ibadət evlərinə və müqəddəs irsə həqiqi hörmətdə özünü göstərir. Bu ruh Azərbaycanda bütün dünyada nümayiş etdirilən dinclik şəraitində birgəyaşayışın özünəməxsus nümunəsini formalaşdırıb. Bu mənada, bu gün təqdim olunan xalçalar son dərəcə dəyərli sənət əsərləridir".

Vatikan Muzeylərinin direktoru xanım Barbara Yatta Romanın həmişə gözəlliyi və ideyaları bölüşmək üçün körpülər saldığını qeyd edərək deyib: "Bu möhtəşəm xalçalar Vatikan Muzeylərinin ən mötəbər bölmələrindən birində - Anima Mundi Muzeyində nümayiş olunur. Bildiyiniz kimi, "Anima Mundi" "dünyanın ruhu" deməkdir və biz son 10 ildə muzeyin bu hissəsini belə adlandırmağa qərar vermişik. Muzeyin bu hissəsi ən xüsusi guşələrdən biridir. Yenidən qurulan bu məkanda dünyanın dörd qitəsi təmsil olunur: Avstraliya, Afrika, Amerika və Asiya. Heydər Əliyev Fondu ilə birlikdə məqsədimiz bunları bir araya gətirməkdir. Hər gün muzeyə gələn minlərlə ziyarətçi müxtəlif mədəniyyətləri və inancları birləşdirən bu əsərləri görmək imkanına malik olur".

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bu əsərin Azərbaycanda xalçaçılıq sənətində yeni bir erasının başlanğıcı olduğunu qeyd edib və ilk dəfə olaraq 28 qadının səkkiz il ərzində "Səmavi dinlər" ideyasını həyata keçirdiyini deyib.

Onun sözlərinə görə, Azərbaycan həmişə sülhün və müxtəlif dinlərin nümayəndələrinin birlikdə yaşaya bildikləri məkan olub. "Bizim üçün xalça sənətkarlıqdan, ənənəvi incəsənətdən daha üstün bir dəyərdir. Biz bilirik ki, hər bir ənənəvi incəsənət hansısa xalqın ruhunu nümayiş etdirir. Beləliklə, bu gün bu üç xalçada Azərbaycanın və onun xalqının ruhunu görmək mümkündür", - deyə Ə.Məlikova əlavə edib.

Sonra qonaqlar sərgiyə baxıblar.

Qeyd edək ki, sənət əsəri iudaizm, xristianlıq və İslam dinlərinə həsr edilib, dərin fəlsəfi düşüncənin, milli sənətkarlıq ruhunun təcəssümüdür. Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini - sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)