Varşavada yerləşən Şərq Tədqiqatları Mərkəzi (OSW) Azərbaycan ilə Fransa arasındakı münasibətlərin perspektivlərinə həsr olunmuş tədqiqat dərc edib.
Milli.Az nəşrin mətnini qısaldılmalarla oxucuların diqqətinə çatdırır:
Azərbaycan-Fransa: yenidən başlamaq şansı
Voyçex Qoretski, Karol Vasilevski
Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev bu ilin mart ayında casusluq ittihamı ilə, o cümlədən Azərbaycanda silah istehsalı ilə əlaqəli fəaliyyətə görə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fransa vətəndaşı Marten Rayanı əfv edib.
Rayanın əfv olunması - xüsusilə də ardınca ikinci Fransa vətəndaşı azadlığa buraxılarsa - Bakı ilə Paris arasında münasibətlərin normallaşmasına yol aça bilər. Azərbaycan-Fransa əlaqələrinin bərpası isə öz növbəsində Azərbaycan ilə Aİ və NATO arasında daha geniş əməkdaşlıq qarşısındakı maneəni aradan qaldırardı. Lakin Bakının daxili işlərlə bağlı sərt mövqeyi yəqin ki, daimi problem olaraq qalacaq. Azərbaycan qərb ölkələrinin ölkənin daxili siyasi nizamına dair tənqidlərinə qarşı yanaşmasını dəyişmə ehtimalı azdır; Bakı bunu daxili işlərə qəbuledilməz müdaxilə kimi qiymətləndirir.
Azərbaycan-Fransa münasibətləri bir neçə il ərzində ciddi gərginliklə səciyyələnib: Bakı Parlisi Dağlıq Qarabağdakı erməni separatçılarını dəstəkləməkdə ittiham edir. Münasibətlər Bakıdakı "Merkorama LLC" şirkətinin direktoru Marten Rayan və rüşvət almaqda ittiham olunan Anas Derrasın işləri ilə əlaqədar daha da pisləşmişdi.
2023-cü ilin dekabrında Azərbaycan iki Fransa diplomatını ölkədən çıxarıb və Fransa buna cavab addımı atıb. 2024-cü ilin yanvarında Fransa Senatı demək olar ki, yekdilliklə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağıran qətnamə qəbul edib. Cavab olaraq Azərbaycan parlamentinin Xarici əlaqələr komitəsi Fransaya qarşı cavab tədbirləri tövsiyə edib və Xarici İşlər Nazirliyinə Fransanın bir sıra ərazilərinin müstəqilliyinin tanınması istiqamətində addımlar atılmasını tapşırıb. 2024-cü ilin may ayının ortalarında Paris Bakını Yeni Kaledoniyada iğtişaşlara dəstək verməkdə ittiham edib; həmin iğtişaşlar zamanı kanak separatçıları Azərbaycan bayraqları qaldırmışdılar.
Fransa-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması istiqamətində səylər 2025-ci ildən bəri davam etdirilir. Paris Vaşinqton sazişini dəstəkləyib və Azərbaycan ilə Ermənistanı sülh prosesini başa çatdırmağa çağırıb. 2025-ci ilin oktyabrında iki ölkənin prezidentləri Avropa Siyasi Birliyinin Kopenhagendəki sammiti çərçivəsində görüşüblər. 2026-cı ilin aprelində Azərbaycanın casusluqda ittiham olunan Fransa vətəndaşlarının İrandan təxliyə edilməsinə kömək etdiyi bildirilir.
Azərbaycan hakimiyyəti dəfələrlə Avropa dövlətlərini ölkənin suverenliyinə və daxili siyasətini müəyyən etmək azadlığına hörmətlə yanaşmağa çağırıb. Bu mövqe, ikinci Fransa vətəndaşı azadlığa buraxılacağı təqdirdə belə, yəqin ki, qorunub saxlanılacaq.
Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ və NATO arasında daha sıx əməkdaşlığa yol aça bilər. Bu, Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığın bağlanmasını ləngidən diplomatik gərginliyi zəiflətməyə kömək edəcək. Qismən Aİ bazarına qaz tədarükünün şaxələndirilməsinə yönəlmiş anlaşma memorandumu 2022-ci ilin iyulunda imzalanmışdı. Münasibətlərin yaxşılaşması həmçinin Aİ-nin regional infrastruktura, o cümlədən "Beynəlxalq sülh və rifah üçün Trump marşrutu"na və daha geniş mənada "Orta dəhliz"ə investisiyalarının artması perspektivlərini yüksəldə bilər. NATO ilə münasibətlərdə normallaşma Alyansa Azərbaycanla müdafiə planlaşdırması, kadr hazırlığı və hibrid təhdidlərə qarşı mübarizə kimi sahələrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək tərəfdaşlıq proqramlarının blokdan çıxarılmasına kömək edə bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)