Zamanı ən dəqiq ölçən saat hazırlandı

29 Sentyabr 2026 17:06

Sinqapur Milli Universitetinin alimləri rekord dəqiqliyə malik lutesyum atom saatı hazırlayıblar.

Milli.Az xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq mərtəbəyə qədər ölçülüb və ölçmələrdə 1 × 10⁻¹⁹ səviyyəsində qeyri-müəyyənlik əldə edilib. Bu, indiyədək optik atom saatları üçün qeydə alınan ən aşağı göstəricidir.

Saat lutesium-176-nın tək ionundan istifadə edir. Alimlərin sözlərinə görə, lutesiumun keçid tezliyi temperatur dəyişiklikləri və maqnit sahələrindən demək olar ki, təsirlənmir. Bu isə saatın müxtəlif mühitlərdə yüksək dəqiqliklə işləməsinə imkan verir.

Tədqiqatçılar iki lutesyum saatının göstəricilərini 200 saat ərzində müqayisə ediblər. Saatlar 5,7 × 10⁻¹⁹ qeyri-müəyyənlik səviyyəsində uyğunluq göstərib. Bu nəticə ən həssas saat müqayisələrindən biri kimi qeydə alınıb.

Alimlər bildirirlər ki, belə yüksək dəqiqlikli saatlar cazibə qüvvəsinin zamanın axışına təsirini hətta millimetr səviyyəsində müəyyən edə bilər. Bu texnologiya Yer kürəsində cazibə dəyişikliklərinin izlənilməsi, yeni zaman standartlarının hazırlanması və fundamental fizika üzrə araşdırmalar üçün istifadə oluna bilər.

Hazırda saniyənin müəyyənləşdirilməsində sezium atomlarından istifadə edilir. Lakin optik atom saatlarının inkişafı gələcəkdə saniyənin yeni standartının müəyyənləşdirilməsinə imkan yarada bilər.

Növbəti mərhələdə lutesyum saatınının dəqiqliyini qorumaqla daha kiçik və daşınan sistemə çevirmək planlaşdırılır.

Müəllif: Mina Mikayılova