Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər

29 Sentyabr 2026 14:36

Bakının bir sıra küçələrində aparılacaq təmir işləri və hərəkət sxemində nəzərdə tutulan dəyişikliklərlə əlaqədar sentyabrın 29-u saat 21:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısamüddətli məhdudiyyətlər tətbiq ediləcək.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda Şövkət Məmmədova küçəsinin Çingiz Aytmatov küçəsi ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Həmçinin Zaur Nudirəliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Əcəmi Naxçıvani küçəsi ilə kəsişməsinədək olan hissəsində də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Nərimanov rayonunda isə Koroğlu Rəhimov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində hərəkət sxeminin dəyişdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar ayırıcı zolağın bir hissəsi ləğv ediləcək və ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Məhdudiyyətlərin aparılan işlər başa çatanadək qüvvədə qalacağı bildirilib.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq alternativ marşrutlardan əvvəlcədən istifadə etmələri tövsiyə olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)