Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı

29 Sentyabr 2026 13:18

Hörmüz boğazında ticarət gəmisinə mərmi ilə zərbə endirilib.

Milli.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi "Ambrey" dəniz təhlükəsizliyi şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, ticarət gəmisi Oman ərazisində, Xəsəb şəhərinin şimalında boğazın cənub marşrutu ilə hərəkət edərkən mərmi ilə vurulub.

Zərbədən sonra gəmidə yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisə ilə bağlı gəminin adı, ekipaj üzvlərinin vəziyyəti və zərbənin kim tərəfindən endirildiyi açıqlanmayıb.

Qeyd edək ki, son günlər Hörmüz boğazında ticarət gəmiləri ilə bağlı bir sıra insidentlər qeydə alınıb. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) sentyabrın 23-də boğazda ticarət gəmisinin naməlum mərmi ilə vurulduğunu, nəticədə gəmidə yanğın baş verdiyini və ekipaj üzvlərinin təxliyə edildiyini açıqlamışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)