Bakının Məhəmməd Xiyabani küçəsində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar bir sıra tikililərin sökülməsi planlaşdırılır.
Milli.Az xəbər verir ki, layihə çərçivəsində küçədə yerləşən 18 fərdi yaşayış evinin, həmçinin yol kənarındakı bəzi obyektlərin sökülməsi nəzərdə tutulub.
Sakinlərin sözlərinə görə, ərazidəki bəzi evlər ötən il sentyabrın 17-dən etibarən nişanlanıb. İlkin mərhələdə onlara evlərin hər kvadratmetri üçün 2700 manat kompensasiya ödənilməsi təklif edilib. Daha sonra isə kompensasiyanın yaxın ərazidə yerləşən binalardakı mənzillərin bazar qiymətləri nəzərə alınmaqla hesablanacağı bildirilib.
Sakinlər bildiriblər ki, söküntü işlərinin konkret olaraq hansı tarixdə başlayacağı barədə hələ onlara dəqiq məlumat verilməyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində yeni nəqliyyat infrastrukturu yaradılacaq. Burada tunel tipli yolötürücüsünün və dairəvi hərəkətin təşkil ediləcəyi yolayrıcının inşası, həmçinin Qaradağ istiqamətində əlavə yan yolun salınması planlaşdırılır.
Qurumdan bildirilib ki, layihənin əsas məqsədi nəqliyyatın müxtəlif istiqamətlər üzrə hərəkətini ayırmaq və xüsusilə pik saatlarda yaranan avtomobil sıxlığını azaltmaqdır.
Məhəmməd Xiyabani küçəsində söküntü işlərinə yaxın 1-2 ay ərzində başlanılması gözlənilir. Layihənin tam şəkildə 2030-cu ilədək başa çatdırılması planlaşdırılır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)