Nikol Şerzinger sentyabrın 26-da Almaniyanın Düsseldorf şəhərindəki PSD Bank Dome-da səhnəyə çıxmazdan cəmi bir saat əvvəl ağır xəsarət alıb.
Milli.Az-ın xəbərinə görə, bu barədə "People" məlumat yayıb.
48 yaşlı müğənni sentyabrın 27-də "Instagram" hekayəsində ayağında yaranan yanıq və qabarcıqların fotosunu paylaşıb. O, konsertdən əvvəl ayağının üzərinə qaynar su töküldüyünü bildirib.
"Konsertinizə bir saat qalmış ayağınızın üzərinə qaynar su tökülməsindən yaxşı heç nə yoxdur. Amma şou davam etməlidir. Düsseldorf, məni dəstəklədiyiniz üçün təşəkkür edirəm. Tezliklə Amsterdamda görüşərik", - deyə Şerzinger yazıb.
Müğənni buna baxmayaraq həmin axşam səhnəyə çıxaraq konsertini başa çatdırıb. Hazırda o, Kimberli Vatt və Eşli Roberts ilə birlikdə "Pussycat Dolls"un "PCD Forever Tour" turnesində iştirak edir.
Qeyd edək ki, qrupun Şimali Amerika üzrə turne proqramı may ayında ləğv edilib. Buna səbəb kimi bilet satışlarının aşağı olması göstərilib. Qrupun Böyük Britaniya və Avropadakı konsertləri isə planlaşdırıldığı kimi davam edir.
Bundan əvvəl "Pussycat Dolls"un keçmiş üzvləri Karmit Baçar və Cesika Sutta qrupun yenidən bir araya gəlməsi prosesinə cəlb olunmadıqlarını açıqlayıblar.
Məlumata görə, "PCD Forever Tour" oktyabrın 30-da Braziliyanın San-Paulu şəhərində keçiriləcək konsertlə başa çatacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)