Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"

29 Sentyabr 2026 10:15

Əməkdar artist Səlim Abbasov mərhum atası, tanınmış musiqiçi Vaqif Abbasovla bağlı paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi atasının məzarını ziyarət edib. Vaqif Abbasovun doğum günü münasibətilə paylaşım edən Səlim Abbasov atasına duyğusal sözlər ünvanlayıb.

Sənətçi atasını onun ilk müəllimi, yaxşı ailə başçısı və peşəkar qarmon ifaçısı kimi xatırlayıb. O, atasının artıq beş ildir yanında olmadığını və bu ayrılığın ağrısını ömrünün sonuna qədər daşıyacağını bildirib.

Səlim Abbasov əldə etdiyi uğurlarda valideynlərinin və Allahın böyük payının olduğunu qeyd edib. O, valideynlərindən geriyə yalnız xatirələrin qaldığını vurğulayıb.

Əməkdar artist paylaşımının sonunda atasına müraciət edərək ondan anasının qayğısına qalmasını istəyib:

"Bu gün ilk müəllimim, gözəl insan, gözəl ailə başçısı, gözəl qarmon ifaçısı olan atam Vaqif Abbasovun cənnətdə 74 yaşı tamam olur. Kaş ki, yanımızda olardın, birlikdə doğum gününü qeyd edərdik. Onsuz da 5 ildir kaşkilərlə yaşayıram və hər halda ömrümün axırına kimi bu belə olacaq. Qazandığım bütün uğurlarıma görə atama, anama və Allaha borcluyam. Əziz atam və əziz anam, sizdən mənə ancaq xatirələr qaldı. Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol".

Qeyd edək ki, Vaqif Abbasov və həyat yoldaşı koronavirus infeksiyasına yoluxduqdan sonra müalicə aldıqları xəstəxanada dünyasını dəyişiblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)