Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)

28 Sentyabr 2026 23:16

Paytaxtda yeni yol və tunel inşa ediləcək.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Yolun kəsişməsi şəhərdaxili və tranzit nəqliyyat axınlarının bir qovşaqda birləşdiyi əsas nöqtələrdən biridir. Pik saatlarda nəqliyyat vasitələrinin eyni kəsişmədən hərəkəti sıxlıq və gecikmələrin yaranmasına səbəb olur. Avtomobil Yolları Dövlət Agentliyinin layihəsi çərçivəsində mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur.

Layihənin əsas üstünlüyü müxtəlif istiqamətlər üzrə hərəkət axınlarının bir nöqtədə toplanmasının qarşısının alınmasıdır. Layihəyə əsasən, ərazidə tunel, dairəvi hərəkətin təşkil olunduğu yolayrıcı, eləcə də Qaradağ istiqamətində yan yol yaradılacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəflinin sözlərinə görə, bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan 24 yol layihəsindən biridir.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)