Qaradağın yeni icra başçısının dosyesi

28 Sentyabr 2026 21:00

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yeni icra başçısı beynəlxalq münasibətlər, dövlət və şəhər idarəçiliyi istiqamətlərində uzunmüddətli təcrübəyə malikdir. O, tarix üzrə fəlsəfə doktorudur.

Natiq Əliyev 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. Dörd il sonra həmin ali məktəbdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

2015-ci ildə isə hüquq ixtisası üzrə ikinci ali təhsilini magistratura səviyyəsində tamamlayıb.

Peşəkar fəaliyyətinin ilk mərhələsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda pedaqoji fəaliyyət göstərib. Eyni zamanda Rusiya Azərbaycanlı Gənclər Təşkilatının yaradılmasında iştirak edib və təşkilatın idarəetmə heyətində yer alıb. Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da dərs deyib.

Natiq Əliyev müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında fərqli vəzifələrdə çalışıb. 2021-ci ildən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsini tutub.

O həmçinin Cənubi Koreyada Koreya İnkişaf İnstitutunda və ABŞ-da Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində dövlət idarəçiliyi üzrə proqramlarda təhsil alıb. Lozanna Federal Politexnik Məktəbinin (EPFL) şəhər infrastrukturunun idarə olunması proqramını da başa vurub.

İngilis, alman, rus və türk dillərini bilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)