Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin icrasına 2026-cı ilin üçüncü rübündə başlanacağı gözlənilir.
Milli.Az xəbər verir ki, bu barədə layihənin Ekoloji və Sosial Təsirin Qiymətləndirilməsi (ESIA) adlı sənəddə deyilir.
"Sözügedən layihənin icrasına maliyyə vəsaitlərinin cəlb edilməsi və işlərin başlanmasına dair bildirişin verilməsindən sonra 2026-cı ilin üçüncü rübündə başlanacağı gözlənilir ki, bu da tikintinin tammiqyaslı mərhələyə keçməsini nəzərdə tutur. İstismar üzrə ilkin mərhələnin 2028-ci ilin üçüncü rübündə başlanacağı və həmin vaxt zavodda məhdud həcmdə su istehsalının həyata keçiriləcəyi, tam kommersiya istismarına 2029-cu ilin birinci rübündə başlanacağı gözlənilir. Obyekt istismara verildikdən sonra təxminən 25 il ərzində su təchizatını təmin edəcək", - deyə sənəddə qeyd olunur.
Məlumata görə, planlaşdırılan duzsuzlaşdırma zavodu Sumqayıt Sənaye Parkının ərazisində, Xəzər dənizinin yaxınlığında, təxminən 30 hektar sahədə yerləşəcək. Müəssisənin istehsal gücü günə təxminən 300 min kubmetr içməli su təşkil edəcək. Layihənin hazırlanması və istismarı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə uzunmüddətli müqavilə çərçivəsində Azərbaycanda xüsusi olaraq yaradılmış layihə şirkəti tərəfindən həyata keçiriləcək. Layihə etibarlı və dayanıqlı içməli su mənbəyinin yaradılması hesabına Bakı və ətraf rayonlarda suya artan tələbatın ödənilməsinə yönəlib. Dəniz suyunun duzsuzlaşdırılması texnologiyasından istifadə Azərbaycanın su təchizatı mənbələrini şaxələndirməyə və ənənəvi yerüstü su ehtiyatlarından asılılığı azaltmağa imkan verəcək.
Bundan əlavə, layihə müasir enerji səmərəli texnologiyaların tətbiqi hesabına mövcud su təchizatı sisteminin səmərəliliyinin və dayanıqlığının artırılmasını nəzərdə tutur. Həmçinin müasir texnologiyaların və beynəlxalq təcrübənin tətbiqi, eləcə də su sektorunda yerli potensialın inkişafı da daxil olmaqla, iqtisadi və texniki üstünlüklərin əldə olunacağı gözlənilir.
Sənədə əsasən, hazırkı mərhələdə layihənin inkişafetdiricisi ACWA beynəlxalq maliyyə inkişaf institutlarından layihənin maliyyələşdirilməsi üçün vəsait cəlb edir. Potensial kreditorlar arasında Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) və "Nippon Export" and Investment Insurance (NEXI) göstərilir. Hazırlanmış Ekoloji və Sosial Təsirin Qiymətləndirilməsi, eləcə də müvafiq ekoloji və sosial sənədlər paketi layihənin adıçəkilən beynəlxalq kreditorlar tərəfindən potensial maliyyələşdirilməsi məqsədi daşıyır. Onlar layihənin öz ekoloji və sosial tələblərinə uyğunluğunu qiymətləndirmək üçün ekoloji və sosial ekspertiza aparacaqlar.
Layihənin icrası "PowerChina Huadong Engineering Corporation Limited" (HDEC) şirkətinin rəhbərlik etdiyi, "Innovative Water Application Company" (IWAC) və "Water & Environment Technologies Company" (WETICO) şirkətlərinin tərəfdaş olduğu beynəlxalq konsorsium tərəfindən həyata keçiriləcək. Konsorsium milli tələblərə və beynəlxalq standartlara uyğun olaraq duzsuzlaşdırma zavodunun ətraflı layihələndirilməsinə, tikintisinə və istismara verilməsinə cavabdeh olacaq.
Tikinti işləri quruda və dənizdə yerləşən obyektləri əhatə edəcək. Quruda ərazinin hazırlanması, torpaq işləri, müəssisənin bünövrələrinin və infrastrukturunun yaradılması üçün torpağın qazılması və geri doldurulması işlərinin aparılması planlaşdırılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)