Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)

28 Sentyabr 2026 18:27

Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Milli İncəsənət Muzeyi və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.

Tədbir çərçivəsində AMİM-in "Sərgi və tərtibat" şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev "Qəhrəmanlıq səhifəmiz təsviri sənətdə" mövzusunda mühazirə ilə çıxış edib. Mühazirədə Milli Qəhrəmanlarımızın və şəhidlərimizin obrazlarının təsviri sənət əsərlərində əbədiləşdirilməsi, bu əsərlərin qəhrəmanlıq və yaddaşın qorunmasındakı rolu barədə məlumat verilib.

Tədbirdə, həmçinin Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Səbail rayon təşkilatının sədr müavini İpək İsmayılova və I Qarabağ müharibəsi qazisi Vüqar Əliyev çıxış edərək Anım Gününün əhəmiyyətindən, şəhidlərin xatirəsinin yaşadılmasının vacibliyindən danışıblar.

Tədbirin sonunda iştirakçılar Azərbaycan Milli İncəsənət Muzeyinin Azərbaycan incəsənətinin müxtəlif dövrlərini və inkişaf mərhələlərini əks etdirən ekspozisiyaları ilə tanış olublar.