Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə sentyabrın 28-də yerli media nümayəndələri üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, 13 iyun 2024-cü il tarixdə istifadəyə verilən və fərqli turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn turistlərin ən çox səfər etdikləri məkanlardan biridir. Kompleksin Turizm İnformasiya Mərkəzi, palçıq vulkanlarının xüsusiyyətləri və minerallar barədə dolğun məlumat verən Sərgi zalı, dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil olunan Emalatxana, Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nümunənin sərgiləndiyi Təbiət tarixi sərgi zalı ziyarətçilərdə böyük maraq doğurur.
Unikal təbiət hadisəsi kimi turistlərin diqqətini cəlb edən palçıq vulkanları ilə tanış olmaq üçün də Kompleksdə hərtərəfli şərait yaradılıb. Buradakı açıq ərazidə bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarət "Qılınc" palçıq vulkanını, həmçinin neft püskürən vulkanı yaxından izləmək mümkündür. Bundan başqa, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı sayılan, hündürlüyü 402, diametri 150 metr olan "Torağay" palçıq vulkanını kənardan müşahidə etmək olar.
Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri M.Ağabəyli qeyd edib ki, palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirməni artırır və onları təbiət irsi kimi təbliğ edir. İdarə Heyətinin sədri Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən digər qoruq və müəssisələrdə turistlər üçün yaradılmış imkanlar, ümumən regionlarda yaradılan yeni turizm məhsulları, həyata keçirilən yeni layihələr, turizm obyektlərini ziyarət edənlərin sayı barədə də məlumat verib.
M.Ağabəyli söyləyib ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri, ümumilikdə 432 296 turist bilet alaraq ziyarət edib. Onların 303 426 (70,19 faiz) nəfəri xarici, 128 870 (29,81 faiz) nəfəri yerli turistlər olub. 95 260 nəfər qoruq və muzeyləri ödənişsiz qaydada ziyarət edib.
Palçıq Vulkanları Turizm Kompleksini isə 2026-cı ilin yanvar-avqust ayları ərzində, ümumilikdə 28 979 nəfər bilet alaraq ziyarət edib. Onlardan 26 235 nəfəri xarici, 2 744 nəfəri yerli turist olub. 798 nəfər ödənişsiz qaydada Kompleksi ziyarət edib. Xarici turistlər dünyanın 150-dən çox ölkəsini təmsil ediblər. Onlar arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil ediblər.
Mediaturda jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)