Yamal yaşadığı ağır günləri danışdı: "Atam dəmir yığırdı"

28 Sentyabr 2026 16:49

"Barselona" və İspaniya millisinin futbolçusu Lamin Yamal karyerasının ilk illərindən deyil, futboldan əvvəl ailəsinin yaşadığı çətin günlərdən danışıb.

Milli.Az xəbər verir ki, 19 yaşlı futbolçu "The Guardian"a açıqlamasında bu gün meydanda hiss etdiyi təzyiqin onun üçün keçmişdə yaşanan problemlərlə müqayisədə o qədər də böyük olmadığını bildirib.

Yamalın sözlərinə görə, onun futbolçu olması üçün anası əlindən gələn hər şeyi edib. Ailənin maddi vəziyyətinin ağır olduğu dövrdə atası isə gəlir əldə etmək üçün küçələrdən metal toplayaraq satıb.

Futbolçu həmin günləri xatırlayarkən atasının ailəni dolandırmaq üçün gördüyü işlərin onun yaddaşında xüsusi yer tutduğunu deyib.

Yamal bildirib ki, bu gün qazandığı pulla valideynlərinə kömək edə bilməsi onun üçün böyük xoşbəxtlikdir. O, ailəsinin əvvəlki həyat şəraitindən tamamilə fərqli imkanlara sahib olmasını karyerasının ən dəyərli tərəflərindən biri hesab edir.

"Barselona"nın futbolçusu xüsusilə kiçik qardaşına diqqət ayırdığını vurğulayıb. Onun sözlərinə görə, qardaşının uşaqlıqda özünün yaşamadığı imkanlardan yararlanması onun üçün böyük sevincdir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)