Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq

28 Sentyabr 2026 16:34

Pakistanın Lahor şəhərində 20 yaşlı Azərbaycan vətəndaşının qrup şəklində cinsi zorakılığa məruz qalması ilə bağlı polisə müraciətindən sonra cinayət işi başlanıb.

Milli.Az yerli KİV-ə istinadən xəbər verir ki, polis hadisə ilə bağlı üç şübhəlinin şəxsiyyətini müəyyənləşdirib və onların saxlanılması üçün əməliyyat keçirir.

Məlumata görə, biznes məqsədilə Pakistana gedən gənc qadını iki qadın kafeyə dəvət edib. Daha sonra o, üç kişinin də olduğu mənzilə aparılıb. Qadının iddiasına görə, burada ona şüurunu zəiflədən maddə olduğu ehtimal edilən içki verilib və üç kişi ona qarşı cinsi zorakılıq törədib.

Şübhəlilər daha sonra qadını hava limanı yaxınlığında buraxıb. Onun iki mobil telefonunun, o cümlədən "iPhone"unun da oğurlandığı bildirilir.

Cinayət işi Pakistan Cinayət Məcəlləsinin qrup şəklində zorlama və zəhərləyici və ya şüuru zəiflədən maddələrdən istifadə etməklə zərər yetirməyə görə məsuliyyət nəzərdə tutan maddələri üzrə Defence C polis bölməsində qeydə alınıb.

Polisin istintaq üzrə baş müfəttişinin müavini Sayed Zişan Raza bildirib ki, bütün şübhəlilərin şəxsiyyəti artıq müəyyən edilib.

Hazırda istintaq davam edir və hüquq-mühafizə orqanları şübhəlilərin saxlanılması üçün axtarış tədbirləri həyata keçirir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)