Bu tarixdən leysan başlayır - Xəbərdarlıq

28 Sentyabr 2026 14:35

Azərbaycanda sentyabrın 29-da leysan yağacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, sentyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında isə sentyabrın 29-dan 30-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağacağı mümkündür.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Böyük və Kiçik Qafqazın, eləcə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)