Əvəz Zeynallı vəfat etdi - (Foto)

28 Sentyabr 2026 13:41

Tanınmış jurnalist, "Xural" qəzetinin baş redaktoru və "Xural TV"nin rəhbəri Əvəz Zeynallı vəfat edib.

Milli.Az xəbər verir ki, məlumatı onun vəkili Rəşad Vaqifoğlu yayıb. Vəkil sosial şəbəkə hesabında Əvəz Zeynallı ilə fotosunu paylaşaraq mərhumla bağlı "Əvəz Zeynallı vəfat etdi, ruhun şad olsun, əziz dost, əziz qardaş" sözlərini yazıb. 

Qeyd edək ki, Əvəz Zeynallı uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi. Sentyabrın 22-də onun həyat yoldaşı Məlahət Zeynallı jurnalistin əməliyyat olunduğunu və vəziyyətinin ağır olduğunu bildirmişdi. 

Əvəz Zeynallı kimdir?

Əvəz Zeynallı 1970-ci il yanvarın 1-də anadan olub. O, jurnalist kimi fəaliyyət göstərib, uzun illər "Xural" qəzetinin baş redaktoru olub və daha sonra "Xural TV"yə rəhbərlik edib.

Jurnalist 2022-ci ildə həbs edilib və 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2025-ci ilin aprelində isə ağır xəstəliyi nəzərə alınaraq cəza çəkməkdən azad edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)