Macarıstan parlamenti Baş nazir Peter Magyarın deputat toxunulmazlığının dayandırılmasına səs verib.
Milli.Az xəbər verir ki, bu barədə "Telex" məlumat yayıb.
Bildirilib ki, təşəbbüsün lehinə 139 deputat səs verib. Əleyhinə səs verən və bitərəf qalan deputat olmayıb.
Magyarın deputat toxunulmazlığının dayandırılması ilə bağlı müraciəti Macarıstan Baş Prokurorluğu edib. Müraciət 2024-cü ilin iyununda baş vermiş insidentlə əlaqələndirilir.
Həmin vaxt Magyar Budapeştdə yerləşən "Ötkert" gecə klubunda onu mobil telefonla çəkən şəxslə mübahisə edib. O, həmin şəxsin əlindən telefonu götürərək Dunay çayına atıb. Telefon daha sonra dalğıcların köməyi ilə sudan çıxarılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Magyar deputatlardan Baş Prokurorluğun müraciətini dəstəkləmələrini istəyib və "vicdanının təmiz olduğunu" bildirib. O, işi özünə qarşı aparılan gözdən salma cəhdi kimi qiymətləndirib.
Baş nazir qeyd edib ki, hadisə bu gün baş versəydi, yenə eyni addımı atardı. Onun sözlərinə görə, klubun digər ziyarətçilərinə mane olan və hakimiyyət tərəfindən "işə götürülmüş təxribatçı" olduğunu iddia etdiyi şəxsi dayandırmağa çalışıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)