Bakının Yeni Yasamal yaşayış massivində yaşıllıqların məhv edilməsi və ərazidə qanunsuz hotel tikintisinin aparılması ilə bağlı iddialar yayılıb.
Milli.Az xəbər verir ki, söhbət Dadaş Bünyadzadə küçəsi, 5 ünvanından gedir.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, burada uzun müddətdir tikinti işləri aparılır. Onlar ərazidə hansı obyektin inşa edildiyinin məlum olmadığını bildiriblər.
Sakinlər həmçinin hasarın ağaclara çox yaxın çəkildiyini və bunun nəticəsində bəzi ağacların quruduğunu iddia ediblər.
Özünü ərazinin mülkiyyətçisi kimi təqdim edən Elvira Kəsəmənli isə Xəzər TV-yə rəsmi sənəd təqdim edərək burada şəxsi ev tikdiyini bildirib. Onun sözlərinə görə, təxminən 400 kvadratmetrlik ərazi ona məxsusdur, ərazinin digər hissəsi isə qayınanasının mülkiyyətindədir.
E.Kəsəmənli ağacların bir qisminin qurumasının təbii proseslə bağlı olduğunu qeyd edib.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ünvanda tikinti işləri aparılmır və ərazidə heç bir ağac kəsilməyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)