Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)

28 Sentyabr 2026 12:32

Türkiyəli məşhur müğənni Mustafa Sandal ölkədə gündəm olan maliyyə fondları ilə bağlı qalmaqalda onun və həyat yoldaşı Melis Sandalın adlarının hallanmasına münasibət bildirib.

Milli.Az xəbər verir ki, müğənni məsələ ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb.

Mustafa Sandal paylaşımında bildirib ki, indiyədək hər hansı fondun əldə edilməsi, satılması və ya belə bir təşkilata üzv olmaqla bağlı fəaliyyəti olmayıb. O, bu məsələdə cəmiyyətin həssaslığını başa düşdüyünü qeyd edib.

Müğənni 32 ildir əsas gəlir mənbəyinin musiqi fəaliyyəti olduğunu vurğulayıb. O, həyat yoldaşı və vəkilinin məsələ ilə bağlı zəruri açıqlamalar verdiyini də bildirib.

Qeyd edək ki, Türkiyənin Sermaye Pazarları Kurulu (SPK) yeddi şirkətə məxsus 131 fondun ləğvi barədə qərar verib. Bunun ardından fondlarla bağlı aparılan araşdırma çərçivəsində bir sıra şəxslərin milyardlarla lirəlik əməliyyatları gündəmə gəlib.

Son olaraq Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandalın ləğv edilən fondlardan üç ay ərzində 11 milyard lirə çıxardığı iddia olunub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)