"İranın ABŞ ilə münaqişəni diplomatiya yolu ilə həll etmək üçün heç bir səbəbi yoxdur, lakin sülhə nail olmaq naminə hələ də bu addımı atmağa hazırdır".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi "NBC News" telekanalına müsahibəsində bəyan edib.
"Diplomatiya üçün hər zaman ümid var. Lakin bizdən soruşsanız, son iki ildəki addımlarına görə bu administrasiya ilə yenidən diplomatiyaya və dialoqa qayıtmaq üçün heç bir səbəbimiz yoxdur. Bununla belə, mən hələ də diplomatiya ilə məşğul olmağa çalışıram, çünki sülh üçün tək bir şansı belə əldən verməməli olduğumuza inanıram", - deyə nazir bildirib.
İran diplomatik korpusunun rəhbəri vurğulayıb ki, Tehran həm müharibəyə, həm də danışıqlara eyni dərəcədə hazırdır:
"Biz müharibənin bərpasına tam hazır vəziyyətdəyik. Hər hansı yeni təcavüz qarşısında, hətta bu Qiyamət gününədək davam etsə belə, möhkəm dayanacağıq".
Əraqçi İranın vasitəçilər tərəfindən ABŞ-yə Hörmüz boğazının açılmasını və danışıqların bərpasını nəzərdə tutan 7 maddəlik plan təqdim etdiyini təsdiqləyib:
"Əgər amerikalılar konkret addımlar atsalar, Tehran Hörmüz boğazını açmağa hazırdır. Tehranın əsas şərtləri sırasına 8 ay əvvəl başlayan müharibənin dayandırılması, dondurulmuş aktivlərin blokdan çıxarılması və dəniz blokadasının ləğvi daxildir. İran ABŞ-dəki aralıq seçkilərinə əhəmiyyət vermir və yalnız öz milli maraqlarını rəhbər tutur".
Xatırladaq ki, bundan əvvəl İran Yaxın Şərq ölkələrini ABŞ-nin "təhlükəsizlik çətiri"nə bel bağlamamağa çağırmışdı.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)