Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat

26 Sentyabr 2026 23:44

Kotletlər keyfiyyətli ətdən hazırlansa belə, bəzən quru və dadsız alına bilər. Bunun qarşısını almaq üçün adətən qiyməyə soğan, isladılmış çörək və ya bir qədər kərə yağı əlavə edilir. Lakin kotletləri həm daha ətirli, həm də daha ləzzətli etmək üçün başqa sadə üsul da var.

Milli.Az lent.az-a istinadən bildirir ki, mətbəxdə istifadə edilən adi bir ədviyyat kotletlərin dadını daha dolğun edə və onlara xoş, yüngül şirin dad verə bilər.

Qiyməyə hansı ədviyyatı əlavə etmək lazımdır?

Söhbət şirin üyüdülmüş paprikadan gedir. Ev şəraitində hazırlanan kotletlər üçün acı olmayan şirin paprika daha uyğundur. Bu ədviyyat qızartma zamanı ətirini daha yaxşı açır və mal, donuz, eləcə də toyuq əti ilə yaxşı uyğunlaşır. 500 qram qiyməyə təxminən 1 çay qaşığı paprika əlavə etmək kifayətdir. Miqdarı çox etdikdə paprikanın dadı həddindən artıq hiss oluna və ətin təbii dadını üstələyə bilər. Paprikani soğan, duz və qara istiotla birlikdə birbaşa qiyməyə əlavə etmək məsləhətdir. Daha sonra qiyməni bir neçə dəqiqə yaxşıca qarışdırmaq lazımdır. Beləliklə, ədviyyatlar qiymənin hər tərəfinə bərabər yayılır.

Kotletləri daha yumşaq və şirəli edən üsullar

Təkcə paprika kotletlərin şirəli qalması üçün kifayət deyil. Qiymədə lazımi qədər yağ və nəm də olmalıdır. Məsələn, çox yağsız mal ətindən istifadə edilirsə, ona bir qədər yağlı ət əlavə etmək olar. Soğan da kotletlərin şirəli alınmasına kömək edir. Onu xırda doğramaq, ətçəkən maşından keçirmək və ya sürtgəcin xırda gözündən keçirmək mümkündür. Sürtgəcdən keçirilən soğanın suyu da qiyməyə qarışdığı üçün kotlet daha yumşaq alınır. Südə və ya suya batırılmış çörəyin iç hissəsi də nəmliyi kotletin daxilində saxlamağa kömək edir. 500 qram ət üçün kiçik bir tikə çörək kifayətdir. Kotletləri bişirməzdən əvvəl hazır qiyməni 10-15 dəqiqə saxlamaq məsləhətdir. Bu müddətdə bütün ərzaqlar və ədviyyatlar bir-birinə daha yaxşı qarışır.

Kotletləri nəm əllərlə formalaşdırmaq və əvvəlcədən yaxşı qızdırılmış tavaya düzmək lazımdır. Onları çox yüksək odda qızartmaq məsləhət deyil. Əks halda kotletin üzəri tez yanar, iç hissəsi isə tam bişməz. Əvvəlcə kotletlərin hər iki tərəfini qızılı rəng alana qədər qızartmaq, sonra isə ocağı azaltmaq və qapağın altında tam hazır vəziyyətə gətirmək daha yaxşı nəticə verir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)