Bu gün keçiriləcək 10-cu yubiley Azərbaycan Qran-Prisi 56 xarici televiziya kanalı və yayım platformasında canlı yayımlanacaq.
Milli.Az-ın məlumatına görə, yarışı yayımlayan əsas beynəlxalq media qurumları arasında Sky, beIN SPORTS, Canal+, ESPN/Disney, DAZN, BBC Radio 5 Live və qlobal yayım platforması Netflix də yer alır.
Azərbaycan Qran-Prisinə beynəlxalq marağın miqyasını əvvəlki illərin izlənmə göstəriciləri də nümayiş etdirir. Ötən il Formula 1 yarışlarını ümumilikdə 72 milyondan çox insan izləyib. Həmin il ABŞ-ın ESPN kanalında Azərbaycan Qran-Prisinin əsas yarışını təxminən 1,1 milyon tamaşaçı izləyib. Bu, ABŞ televiziya tarixində Azərbaycan Qran-Prisi üçün rekord izlənmə göstəricisi olub.
Azərbaycan Qran-Prisinin qlobal auditoriyası əsasən Böyük Britaniya, Avstriya, Niderland və İtaliya kimi ölkələri əhatə edir.
Bu gün isə 10-cu yubiley yarışının növbəsidir. Bakı Şəhər Halqasında bolidlər mübarizəyə başlayarkən, dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçı Azərbaycan Qran-Prisini ekranlardan canlı izləyəcək.
Müəllif: Tural Hüseyn