Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)

26 Sentyabr 2026 13:52

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman Bakıda keçirilən 10-cu Formula 1 Azərbaycan Qran-Prisinin qonağı olub.

Milli.Az xəbər verir ki, səfər çərçivəsində səfir Bakı Şəhər Halqasının yenilənmiş paddoku ilə tanış olub, həmçinin Media Mərkəzini ziyarət edib. Burada ona media nümayəndələrinin fəaliyyəti üçün yaradılan şərait barədə məlumat verilib.

Səfir akkreditasiya mərkəzi, jurnalist və fotoqrafların iş otaqları, eləcə də mətbuat konfransı zalı ilə tanış olub.

Qeyd olunub ki, Qran-Pri günlərində Media Mərkəzində 300-ə yaxın yerli və xarici media nümayəndəsi fəaliyyət göstərir.

Dunkan Norman, həmçinin, yerli media nümayəndələri ilə görüşərək Azərbaycan Qran-Prisi ilə bağlı təəssüratlarını bölüşüb.

Səfirin sözlərinə görə, Bakıdakı yarışın əsas xüsusiyyətlərindən biri azarkeşlərə Formula 1 mübarizəsini izləməklə yanaşı, şəhərlə və onun görməli yerləri ilə yaxından tanış olmaq imkanı yaratmasıdır.

"Bu mövsüm Formula 1-də beş britaniyalı pilot yarışır və onlardan ikisi dünya çempionudur. Onların hər birinə uğurlar arzulayıram və britaniyalı pilotlardan birinin Bakıda qalib gəlməsinə çox şad olaram", - deyə Dunkan Norman bildirib.

Qeyd edək ki, Böyük Britaniya Formula 1 tarixində xüsusi yer tutur. 1950-ci ildə dünya çempionatının ilk yarışı məhz Böyük Britaniyanın Silverstoun trasında keçirilib. Bu gün də ölkə Formula 1-in əsas mərkəzlərindən biri olaraq qalır.

Müəllif: Tural Hüseyn