Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik.
Bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
Azərbaycanın neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, gübrələr ixrac etdiyini söyləyən dövlətimizin başçısı bildirib: "Biz regionda nadir ölkələrdən biriyik ki, bunların hamısını ixrac edirik. Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək, xüsusilə də Avropa bazarına".
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Avropa Evinin (Ambrosetti) strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunan plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunur.