Paytaxtın Yasamal rayonunda talama cinayəti baş verib.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bankomatdan pul çıxarmaqda çətinlik çəkən vətəndaşların pul vəsaitlərini talamaqda şübhəli bilinən S. Rəşidzadə saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, əsasən ahıl yaşlı təqaüdçülərə bankomatdan pul çıxarmaqda kömək etmək adı ilə yaxınlaşaraq onların bank kartlarındakı vəsaitləri ələ keçirib.
S. Rəşidzadənin bu üsulla 3 vətəndaşa məxsus ümumilikdə 2400 manat pul vəsaitini taladığı müəyyən olunub. S. Rəşidzadə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq hərəkətləri davam etdirilir.
"Diqqətə çatdırırıq ki, bankomatdan istifadə zamanı bank kartınızı və PİN-kodunuzu tanımadığınız şəxslərə etibar etməyin. Kömək təklif edən şəxslərə qarşı diqqətli olun, kart məlumatlarınızı və təsdiq kodlarınızı heç kimlə paylaşmayın", - DİN-in məlumatında bildirilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)