Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib

26 Sentyabr 2026 12:37

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı həlak olan hərbçilərlə vida mərasimi keçirilib.

Bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Matəm mərasimində müdafiə naziri Dauren Kosanov, Manqistau vilayəti administrasiyasının rəhbəri Nurdaulet Kılabay, Qazaxıstan Müsəlmanları Dini İdarəsinin sədri Naurızbay hacı Taqanulı, parlament deputatları, tanınmış ictimai xadimlər və mərhumların silahdaşları iştirak ediblər. Mərasim iştirakçıları həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

"Dövlət başçısı Kasım-Jomart Tokayevin tapşırığı ilə hərbçilərin ailələrinə dövlət tərəfindən sosial ödənişlər, maddi yardım və dəfn mərasimlərinin təşkili üçün hərtərəfli dəstək də daxil olmaqla, bütün zəruri yardım göstərilir", - deyə məlumatda bildirilir.

Yardım üçün vəsaitlərin toplanması məqsədilə Manqistau vilayəti administrasiyası xüsusi fond yaradıb.

Xatırladaq ki, sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizinin sahilində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 17 hərbçi açıq dənizə sürüklənib. Onlardan 14-ü həlak olub, 3 nəfəri xilas etmək mümkün olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)