"Formula-2" üzrə Azərbaycan Qran-prisinin ikinci əsas yarışının qaliblərinə mükafatlar verilib.
Milli.Az xəbər verir ki, yarışın yekunlarına əsasən ilk üçlükdə qərarlaşan pilotlara mükafatlar təqdim olunub.
"Invicta" komandasının pilotu Rafael Kamara birinci olub.
"Campos"dan Nikola Tsolov ikinci, "Rodin Motorsport"dan Aleks Dann isə üçüncü yeri tutub.
Ötən gün "Formula 2"də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olub.
Qeyd edək ki, "Formula 1"də əsas yarış bu gün saat 15:00-da start götürəcək.
_____________
Bakı Şəhər Halqasında Formula 2 üzrə Azərbaycan Qran-prisinin sonuncu - ikinci əsas yarışı başlayıb.
Milli.Az xəbər verir ki, pilotlar 29 dövrə və ya 60 dəqiqə + 1 dövrə müddətində mübarizə aparacaqlar.
Yarışa "Rodin Motorsport" komandasının pilotu Martinius Stenshorne ilk start mövqeyindən başlayır. O, cümə axşamı baş tutan ikinci sıralanma turunda 1 dəqiqə 53,728 saniyəlik nəticə göstərərək poul mövqeyini qazanıb. Komanda yoldaşı Aleksandr Dann isə 1,54,173-lük göstərici ilə ikinci olub. Bununla da "Rodin Motorsport" Feature Race 2 üçün də ilk iki start yerini əldə edib.
İkinci start sırasının ilk mövqeyində çempionatın hazırkı lideri Rafael Kamara qərarlaşıb. Onun ardınca "PREMA Racing" pilotu Mari Boya, "ART Grand Prix"dən Kuş Maini və "Campos Racing" təmsilçisi Noel Leon gəlir. Çempionatın digər əsas favoritlərindən Nikola Tsolov isə mübarizəyə səkkizinci yerdən başlayacaq.
Bakı mərhələsi çempionatdakı mübarizə baxımından mühüm əhəmiyyət daşıyır. Cümə günü keçirilən ilk əsas yarışda Aleksandr Dann finiş xəttini birinci keçib. Martinius Stenshorne ikinci, Dino Beqanoviç isə üçüncü olub. Rafael Kamara yarışı dördüncü sırada tamamlayaraq çempionatın liderliyini ələ keçirib. Nikola Tsolov isə yarışı başa çatdıra bilməyib. Nəticədə Kamara 182 xalla liderliyə yüksəlib, Tsolov 181 xalla ikinci, Dann isə 174 xalla üçüncü pillədə qərarlaşıb.
Dino Beqanoviç üçün də Bakıdakı ilk yarış günü uğurlu alınıb. "DAMS Lucas Oil" pilotu əvvəlcə sprint yarışında qalib gəlib, daha sonra Feature Race 1-i üçüncü yerdə tamamlayıb. Sprint yarışında Laurens Van Hoepen ikinci, Aleksandr Dann isə üçüncü olub.
Azərbaycan Qran-prisinin builki Formula 2 proqramında ümumilikdə 67 xal uğrunda mübarizə aparılır. Bu səbəbdən Bakı mərhələsində əldə ediləcək nəticələr çempionatın yekun sıralamasına ciddi təsir göstərə bilər.
Qeyd edək ki, Formula 2 təqviminin 12-ci mərhələsi Bakıda keçirilir. Mövsümün bundan sonra daha iki mərhələsi - Qətərin Lusail və Birləşmiş Ərəb Əmirliklərinin Yas Marina traslarında keçiriləcək yarışlar - qalır.
Müəllif: Tural Hüseyn