Rusiya Müdafiə Nazirliyi xarici vətəndaşların ölkə Silahlı Qüvvələrində xidmət keçmə şərtlərini dəyişdirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müdafiə naziri Andrey Belousovun imzaladığı yeni əmrə əsasən, ölkədə yaşayış icazəsi almış xarici hərbçilərin vaxtından əvvəl xidmətdən xaric edilməsi haqqında bildiriş forması ləğv olunub:
"Xüsusi hərbi əməliyyat" dövründə hərbi xidmət müqaviləsi bağlaması ilə əlaqədar yaşayış icazəsi almış xarici vətəndaşın hərbi xidmətdən vaxtından əvvəl azad edilməsi barədə bildiriş forması təsdiq edən 1 noyabr 2023-cü il tarixli 744 nömrəli əmr qüvvədən düşmüş hesab edilsin".
Qeyd edək ki, cari ilin mart ayında Rusiya Federasiya Şurası Silahlı Qüvvələrdə xidmət keçmiş xaricilərin ölkədən inzibati qaydada çıxarılmasına (deportasiyasına) qadağa qoyan qanunu təsdiqləyib. Hüquqpozmalar zamanı həmin şəxslərə deportasiya əvəzinə cərimə və ya 100 saatdan 200 saatadək məcburi işlər təyin ediləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)