“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq

25 Sentyabr 2026 23:21

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus yeni tənəffüs yolları patogeninin COVID-19-a bənzər genişmiqyaslı yeni pandemiyaya yol aça biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ÜST rəhbəri bu barədə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində təşkil olunan mətbuat konfransında danışıb.

Qebreyesus növbəti pandemiyanın erkən və ya gec baş verəcəyinin qaçılmaz olduğunu vurğulayıb:

"Gecələr yuxumu əlimdən alan əsas narahatlıqlardan biri yeni tənəffüs patogeninin ortaya çıxma ehtimalıdır. Bu xəstəlik COVID-19-un yaratdığı ağır fəsadlarla eyni nəticələrə gətirib çıxara bilər".

Xəstəliklərin sürətlə yayılma riskinə misal olaraq ÜST rəhbəri Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasını göstərib. O bildirib ki, infeksiya dünyanın istənilən nöqtəsində baş qaldıra bilər və bu, təkcə yerli əhaliyə deyil, qonşu ölkələrə və bütün dünyaya təhdid yaradır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)