İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)

25 Sentyabr 2026 20:30

Xarici işlər naziri Ceyhun Bayramov inklüziv çoxtərəflilik milli suverenliyin qorunması və inkişaf etməkdə olan ölkələrdə iqtisadi tərəqqinin təmin edilməsi üçün həyati zərurət olduğunu deyib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.

Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən "Qlobal Cənub və çoxtərəfliliyin gələcəyi" mövzusunda 77-lər Qrupu və Çinin 50-ci Nazirlər Görüşündə çıxış edib.

"O, Azərbaycanın qlobal idarəçilik strukturlarının islahatına və 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə nail olmaq üçün Şimal-Cənub dialoqunun təşviqinə institusional sadiqliyini diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Qoşulmama Hərəkatı ilə 77-lər Qrupu arasında Birgə Əlaqələndirmə Komitəsinin tarixi fəaliyyətinin bərpa olunmasını birgə fəaliyyətin gücləndirilməsi istiqamətində mühüm mərhələ kimi qeyd edib.

Nazir məqsədyönlü humanitar yardım və potensialın gücləndirilməsi proqramları vasitəsilə Azərbaycanın Kiçik Ada İnkişaf etməkdə olan Dövlətləri və Ən Az İnkişaf Etmiş Ölkələrlə sarsılmaz həmrəyliyini bir daha təsdiqləyib", - deyə paylaşımda qeyd edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)