Xarici işlər naziri Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşımında qeyd edilib.
Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında çıxış edib.
Nazir çıxışında İƏT-in Xankəndidə keçirilmiş 17-ci Zirvə görüşündə qəbul olunan strateji Xankəndi Kommünikesinin və Fəaliyyət Planının icrasına toxunaraq, Bakıda İƏT-in Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasını və Şuşanın 2026-cı il üçün İƏT-in Turizm Paytaxtı kimi fəal rolunu diqqətə çatdırıb.
Nazir Azərbaycanın Orta Dəhliz boyunca, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, həmçinin Rəqəmsal İpək Yolu vasitəsilə yaşıl rəqəmsal inteqrasiyada mühüm rolunu vurğulayıb.
O, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji sinerjiyə diqqət çəkərək, Azərbaycanın Çolpon-Atada Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində üzvlüyünü və fəal iştirakını, eləcə də Avazada keçiriləcək qarşıdakı sammiti qeyd edib.
Ceyhun Bayramov 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş Sülh Sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesinin gedişi barədə məlumat verərək, etimad quruculuğu tədbirlərini, tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərini vurğulayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)