Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)

25 Sentyabr 2026 17:04

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.

 

Konsertdə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestri çıxış edib.

 

F.Tüzünün "Çayda Çıra", "Çeşməbaşı" balet süitası, E.İnalın"Anadolu Rapsodisi", C.Saint-Saënsın "İntroduksiya və Rondo-Kapriççio" a-moll, op. 28 və Fikrət Əmirovun "Nəsimi dastanı" faciəvi musiqisi əsərlərindən ibarət konsert proqramını Azərbaycanın Xalq artisti, dirijor Yalçın Adıgözəlov və türkiyəli dirijor Eray İnal idarə ediblər.

 

Proqramda solist qismində Azərbaycanın Əməkdar artisti Elvin Hoca Qəniyev (violin) çıxış edib.

 

Konsertdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, YAP Gəncə şəhər təşkilatının sədri, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun nümayəndəsi və şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

 

Azərbaycan və Türkiyə musiqiçilərinin bir araya gəldiyi konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və ifalar alqışlarla müşayiət olunub.