TikTok və Reddit kimi platformalarla yanaşı, səyahət forumlarında da diqqət çəkən qeyri-adi bir trend ortaya çıxıb: Səyahətçilər rəqəmsal məlumat oğurluğundan qorunmaq məqsədilə pasportlarını alüminium folqaya bükürlər.
Milli.Az xəbər verir ki, bu tətbiqin arxasında cinayətkarların yanlarından keçərkən həssas məlumatları təmassız şəkildə əldə edə biləcəyi yönündəki narahatlıqlar dayanır. Müasir alman pasportlarında məlumat səhifəsinə inteqrasiya olunmuş və RFID çipi adlandırılan bir çip mövcuddur.
Almaniya Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin məlumatına görə, pasportlardakı simsiz çip sərhəd-keçid məntəqələrində sürətli və saxtakarlığa qarşı təhlükəsiz şəxsiyyət yoxlamalarına imkan yaradır. Çipdə rəqəmsal pasapart fotoşəkili ilə yanaşı, ad, doğum yeri, cinsiyyət, göz rəngi, boy və yaşayış yeri kimi şəxsi məlumatlar, həmçinin pasport verilərkən alınan iki barmaq izi də saxlanılır.
Bəs, bu məlumatlara icazəsiz şəkildə daxil olmaq həqiqətən də mümkündür? Axı çipin əhatə dairəsi olduqca qısadır.
Mütəxəssislər bu məsələdə olduqca qətidir: Normal səyahət şəraitində icazəsiz giriş ehtimalı son dərəcə aşağıdır. Təmassız ödənişlərdə olduğu kimi, oxuyucu cihazın sənədə çox yaxın olması, demək olar ki, pasaporta toxunacaq qədər yaxınlaşması tələb olunur.
Alüminium folqanın radio dalğalarına qarşı müvəqqəti baryer yaratdığı düşünülsə də, mütəxəssislər bu üsulu əsasən gərəksiz və təsirsiz hesab edirlər. Üstəlik, pasportları sərhəd nəzarətində durmadan folyodan çıxarıb yenidən bükmək lüzumsuz gözləmələrə səbəb olur.
Bir sözlə, bu üsul real təhlükəsizlik üstünlüyü təmin etməkdən çox, insana özünü güvəndə hiss etdirməkdən və digər sərnişinlərin təəccüblü baxışlarını üzərinə çəkməkdən başqa bir şeyə yaramır.
Ümumiyyətlə, pasportda saxlanılan məlumatlar qorunma altındadır. Almaniyada pasport çipindəki məlumatların saxlandığı mərkəzi verilənlər bazası mövcud deyil. Səlahiyyətlilərin tutduğu pasport qeydlərində elektron pasportların istifadəyə verilməsindən əvvəlki məlumatlarla eyni verilər yer alır.
Barmaq izləri də yalnız pasportun özündə saxlanılır. Pasport sahibi sənədini təhvil aldıqda, pasportun istehsalında istifadə olunan bütün barmaq izi məlumatları Almaniya Pasport Qanununun 16-cı maddəsinə uyğun olaraq səlahiyyətli şəxslər tərəfindən geri qaytarılmayacaq şəkildə silinir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)