"Türkiyə Yunanıstanın düşməni deyil, onun qonşusu və NATO çətiri altında müttəfiqidir".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Türkiyə lideri Yunanıstanda yaxınlaşan seçkilər fonunda Baş nazir Kiriakos Mitsotakis tərəfindən F-35 qırıcılarının satışı ilə bağlı verilən bəyanatların iki ölkə arasındakı yumşalma və danışıqlar mühitinə təsiri barədə suala cavab verib:
"Yunanıstanın və ya başqa qonşularımızın daxili siyasəti ilə maraqlanmaq kimi bir dərdimiz yoxdur. Yunanıstanda seçki olar, hökumət dəyişər, müxalifət dəyişər - bunlar bizim məsələmiz deyil. Bizim məsələmiz Türkiyənin hüquqları, təhlükəsizliyi, Egey və Şərqi Aralıq dənizində sülhün və sakitliyin qorunmasıdır. Bunu bir dəfə çox aydın şəkildə demək istəyirəm: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur, NATO çətiri altında müttəfiqidir".
Ərdoğan iki ölkə arasındakı münasibətlərin seçki materialına çevrilməyəcək dərəcədə zərif və mühüm olduğunu vurğulayıb:
"Sözügedən müzakirələrə məhz bu bucaqdan baxırıq. Biz öz gündəmimizə fokuslanmışıq və hazırda öz işimizlə məşğuluq".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)