Formula 1 Azərbaycan Qran-Prisinin ilk günü: İki sərbəst yürüş başa çatıb - (Foto)

24 Sentyabr 2026 20:03

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ilk günündə birinci və ikinci sərbəst yürüşlər keçirilib. 11 komandanın iştirak etdiyi sessiyaların hər biri bir saat davam edib. 

Milli.Az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən birinci sərbəst yürüşdə ən yaxşı vaxtı Mercedes pilotu Corc Rassel göstərib - 1:45.387. Red Bull pilotu Maks Ferstappen ikinci (1:45.787), Ferrari pilotu Şarl Lekler (1:45.791) isə üçüncü olub. Yürüş zamanı Mercedes pilotu Kimi Antonellinin bolidinin hidravlik sistemində problem yaranıb və o yürüşü vaxtından əvvəl başa vurmalı olub.

İkinci sərbəst yürüşdə də ən yaxşı vaxtı Corc Rassel göstərib - 1:43.347. Onun komanda yoldaşı Kimi Antonelli ikinci (1:43.899), Red Bull pilotu Maks Ferstappen isə üçüncü olub -1:44.174. 

İkinci sessiya da insidentsiz keçməyib. Racing Bulls pilotu Arvid Lindbladın baryerlərə çırpılmasından sonra yürüş qırmızı bayraqlarla dayandırılıb. Haas pilotu Oliver Bearman isə bolidinin mühərrikində yaranan nasazlığa görə sessiyanı davam etdirə bilməyib.

Sabah saat 12:30-da üçüncü sərbəst yürüş keçiriləcək. 

Müəllif: Tural Hüseyn