Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)

24 Sentyabr 2026 20:04

Xarici işlər naziri Ceyhun Bayramov diplomatik səylərin gücləndirilməsinə və İƏT-i birgə fəaliyyətə çağırıb.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd edilib.

Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib.

"Nazir İƏT-in yeni Baş katibi İsmayıl Uld Şeyx Əhmədi təbrik edib, artan islamofobiyaya qarşı həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.

O, regionda hərbi münaqişələrin artmasından ciddi narahatlığını ifadə edərək, bütün dünyada müsəlman icmalarını hədəf alan ayrı-seçkilik və zorakılıqla mübarizə aparmaq üçün diplomatik səylərin gücləndirilməsinə və İƏT-i birgə fəaliyyətə çağırıb.

Nazir Ceyhun Bayramov 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT Sammitinə hazırlıqla bağlı institusional hazırlıq işlərini diqqətə çatdırıb", - deyə paylaşımda qeyd edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)