Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)

24 Sentyabr 2026 19:34

23 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova Özbəkistan Respublikasının Kamoliddin Behzod adına Milli Rəssamlıq və Dizayn İnstitutunun təşkilatçılığı ilə keçirilən "XXI əsrdə muzey təhsili: qlobal kontekst və transformasiyalar" mövzusunda elmi konfransla bağlı Özbəkistana səfər edib.

Səfər zamanı Şirin Məlikova institutun qalereyasında nümayiş olunan rəngkarlıq, heykəltaraşlıq və miniatür sənəti nümunələri ilə tanış olaraq institutun yaradıcılıq və tədris fəaliyyəti barədə məlumat alıb.Daha sonra institutun rektoru Omonulla Salixov ilə rəsmi görüş keçirilib. Görüşdə muzeyşünaslıq, sənətşünaslıq, mədəni irsin qorunması və təbliği, elmi-tədqiqat fəaliyyəti, eləcə də təsviri sənət sahəsində qarşılıqlı əlaqələrin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan Milli İncəsənət Muzeyi ilə Kamoliddin Behzod adına Milli Rəssamlıq və Dizayn İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində iki qurum arasında elmi və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi,birgə layihə və tədqiqatların həyata keçirilməsi, həmçinin incəsənət və muzeyişi sahələrində əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur.