24 sentyabr 2026-cı il tarixində Daşkənddə Kamoliddin Behzod adına Milli Rəssamlıq və Dizayn İnstitutunun təşkilatçılığı ilə "XXI əsrdə muzey təhsili: qlobalkontekst və transformasiyalar" mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
Konfrans muzey sahəsinin müasir inkişaf istiqamətlərinə, qlobal təcrübəyə və rəqəmsal transformasiyanın muzeylər qarşısında yaratdığı yeni imkan və çağırışlara həsr olunub.
Konfransda Özbəkistanla yanaşı, Azərbaycan, İran, Çin, Gürcüstan,Malayziya, Qazaxıstan və Fransadan muzey və incəsənət sahəsinin tanınmış nümayəndələri çıxış ediblər. Konfransın açılış mərasimində Kamoliddin Behzod adına Milli Rəssamlıq və Dizayn İnstitutunun rektoru Omonulla Salixov və Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nuridinov iştirakçıları salamlayaraq təbrik nitqi ilə çıxış ediblər.
Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova "Rəqəmsal transformasiya dövründə muzey sahəsi: texnologiyalar, interpretasiya və ziyarətçinin yeni təcrübəsi" mövzusunda məruzə ilə çıxış edib.
Çıxış zamanı müasir muzeylərin fəaliyyətində rəqəmsal texnologiyaların və süni intellektin artan rolundan, bu imkanların ziyarətçi təcrübəsinə təsirindən və muzey sahəsinin qarşısında yaratdığı yeni yanaşmalardan bəhs olunub. Şirin Məlikova xüsusilə vurğulayıb ki, texnologiyaların muzeydə tətbiqi özlüyündə məqsədə çevrilməməli, ilk növbədə ziyarətçiyə sənət əsərini daha yaxşı anlamağa və onunla daha dərin əlaqə qurmağa imkan yaratmalıdır. Bu baxımdan, muzeylər üçün rəqəmsal imkanlarla orijinal sənət əsəri ilə birbaşa təmas arasında düzgün balansın qorunması xüsusi əhəmiyyət daşıyır.
Məruzədə Azərbaycan Milli İncəsənət Muzeyində həyata keçirilən rəqəmsal layihələrdən də nümunələr təqdim olunub. Süni intellekt, animasiya və artırılmış reallıq texnologiyalarının sənət əsərlərinin tədqiqi, interpretasiyası, bərpa prosesinin nümayişi və mürəkkəb tarixi-mədəni məlumatların ziyarətçiyə daha aydın şəkildə çatdırılmasında yaratdığı imkanlardan danışılıb.
Çıxışın əsas fikirlərindən biri budur ki,muzey təhsilində rəqəmsal texnologiyalar və real təcrübə bir- birini tamamlamalıdır. Texnologiyalar ziyarətçiyə yeni məlumat və təcrübələr qazandırabilər. Amma sənət əsərinin orijinalını öz gözləri ilə görmək və muzeydə əsərlərədiqqətlə baxmaq vərdişi də çox vacibdir.