Daxili İşlər Nazirliyi (DİN) "Formula-1 Qatar Airways Azərbaycan Qran Pri" yarışı ilə əlaqədar əhaliyə müraciət edib.
Milli.Az xəbər verir ki, müraciətdə bildirilib ki, 2026-cı il sentyabrın 23-dən 26-dək Bakı şəhərində keçiriləcək "Formula-1 Qatar Airways Azərbaycan Qran Pri" yarışı ilə əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, "Fan" zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə olunur.
Qeyd edək ki, bu gün Bakının sayca onuncu dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisinə start verilib.
Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland), Oskar Piastri (Avstraliya), M.Ferstappen bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)