Bank kartları ilə bağlı - Daha bir qadağa

24 Sentyabr 2026 17:23

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib.

Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır.

Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, digərləri satışı oktyabrın 1-dən dayandıracaq.

Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.

Qeyd edək ki, fərqli valyutada bir vətəndaş ikinci debet kartı sifariş edə bilir.

Xatırladaq ki, bundan əvvəl ölkədə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Avqustun 1-dən tətbiq olunan qaydaya əsasən, istifadəçiyə məxsus olan hər bir ödəniş alətinə gün ərzində 5 mədaxil və ay ərzində 20 min manat mədaxil limitləşdirilib. Məxaric əməliyyatları isə limitsizdir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)